Bəzən elə bir an, elə bir saat, elə bir gün yaşayırsan ki, sənin o an yanında kimin olduğu önəmli olur. İnsanın qan qardaşı uzaq olsa da, yanında qardaş qədər əziz bir insanın olduğunu görürsən. Bu gün bizə əziz qardaş olan, “Bir millət iki dövlət” kimi tanıdığımız Türkiyə ilə Azərbaycan arasında tarix boyu sarsılmaz qardaşlıq, dostluq münasibəti olub. Həm keçən əsrin əvvəllərində-1918-ci ildə Azərbaycan müstəqillik qazanarkən, həm də müasir tariximizdə müstəqil qazandığımız andan hər zaman Türkiyə dövlətinin və xalqının qardaşlıq və dostluq sevgisini, qayğısını xalq olaraq hiss etmişik. Bu münasibətlər Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra daha da inkişaf etmiş, Möhtərəm Prezidenimiz İlham Əliyev və qardaş ölkənin prezidenti Möhtərəm Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri zəminində ən yüksək zirvəyə çatmışdır. Bu dostluq bəzən hər hansısa bir sıra qara qüvvələri, ikiüzlü dövlətləri və başçılarını narahat edib. Hər iki xalq, istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini, kədərini bölüşüb. 44 günlük Vətən müharibəmizdə Şanlı Zəfərin qazanılmasında, Azərbaycanın ayrılmaz və tarixi hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin qorunmasında və əhalisinin vacib ehtiyaclarının ödənilməsində qardaş Türkiyə hökümətinin və vətəndaşlarının doğmalıq təəssübkeşliyini hər zaman hiss etmişik. Heç bir zaman həm maddi, həm mənəvi və siyasi dəstəyini bizdən əsirgəməyən Türkiyə müasir Azərbaycanın beynəlxalq arenada söz sahibi olmasının əsas qarantıdır. Təsadüfi deyildir ki, belə qardaşlıq, dostluq, bir-birinə arxa-dayaq olmaq dünya dövlətləri arasında analoqu olmayan bir hadisə, bir münasibətdir. 6 fevral 2023-cü il bu sabahını həm Türkiyə əhalisi, həm də Azərbaycan vətəndaşı çox ağrıdıcı, çox kədərləndirici xəbərlərlə qarşıladıq. Qardaş Türkiyə ərazisində dəhşətli zəlzələ, təbii fəlakət xəbərləri hər birimizi sarsıtdı, məyus etdi. Canımızdan can getdi, qardaş və bacılarımızı itirdik. Çox işıqlar söndü, çox körpələr yetim, kimsəsiz qaldı bu məşəqqətlərlə dolu dünyada. Hələ həyata yenicə -10 günlük qədəm qoymuş körpə də 6 fevralı açılan səhər yox, qaranlığa qərq olmuş səhər kimi açdı. Qardaş ölkənin 10 vilayətində yaranan, baş verən zəlzələ, təbii fəlakət bir neçə minlərlə, hətta on minlərlə insanın həyatını puç etdi, arzularını yarımçıq qoydu. Bu ağır faciəni başda Möhtərəm Prezidentimiz olmaqla, bütün Azərbaycan xalqı ilk dəqiqələrdən öz dərdi, öz kədəri, öz itkisi kimi qəbul etdi. Bu yaraların sarınması üçün ilk andan canı könüldən hərəkətə keçildi. Cənab Ali Baş Komandan İlham Əliyevin göstərişi və Heydər Əliyev fondunun vitse prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə hər kəs bir yumruq olub, öz sədaqətini, dostluq və qardaşlıqlarını Türk dünyasına və bütün dünyaya əməli şəkildə bəyan etdi. Bu yardımlar həm dövlət səviyyəsində, həm də vətəndaşlarımızın şəxsi hesabına davam etdirilir. Möhtərəm Prezidentimizin də dediyi kimi biz qardaş dövlətimizin hər zaman yanındayıq və nə qədər ehtiyac duyularsa köməklik göstərməyə tam hazırıq. Bu qardaşlıq vəzifəsini ən yüksək səviyyədə yerinə yetirdikləri üçün başda Möhtərəm Prezidentimiz olmaqla, bütün xalqımızla qürur duyuruq, fəxr edirik. Türkiyə prezidenti öz çıxışında zəlzələdən zərər çəkmiş sakinlərlə görüşəndə də bizim qardaşlığımızdan, dostluğumuzdan danışdı. Keçmiş zamanlardan bir can, bir qəlb olmuşuq deyə bütün xalqımıza öz minnətdarlığını bildirdi. Bu çətin günlərdə əlbəttə ki ən böyük dəstəyi Can Azərbaycan verməli idi. Dövlətimiz də, hər bir el də, hər bir ocaq da bu faciədən çox kədərləndik, çox sarsıldıq, çox böyük məyusluq keçirdik. Bu faciədə ölənlərə Allahdan rəhmət, yaralılara şəfa, onların yaxınlarına dərin hüznlə başsağlığı vermək hər birimiz borcudur. İnanırıq və əminik ki, Böyük Türk xalqı və dövləti bu dəhşətli təbii fəlakətin, faciənin yaralarını sağaldacaq, yenidən dünyanın qüdrətli iqtisadi, siyasi dövləti kimi güclənərək düşmənlərin gözünə ox kimi batacaq. Biz bir millət iki dövlətik. Heç bir zaman sarsılmamışıq və sarsılmayacağıq. Qardaş Türkiyə xalqına xalqımız adından səbr diləyirik. Səriyyə Camalova, Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi